“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfenssiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları – bütün xalqların, dinlərin nümayəndələri normal, mehriban, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”.

Bu sözləri prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara səfəri zamanı deyib. Dövlət başçısı bununla Azərbaycan dövlətinin Dağlıq Qarabağın işğalda qalan əraziləri ilə bağlı mövqeyini bir daha bəyan edib. Prezidentin bu mesajı həm separatçı ermənilərə, həm də Qarabağda sülhməramlı mandatı ilə oturan Rusiyaya ünvanlanıb. Ermənilərlə bağlı Bakının mövqeyi aydın və konkretdir: heç bir statusdan söhbət gedə bilməz, bölgədə yaşamaq üçün Azərbaycan hər cür təminat verir.

Rusiya ilə əlaqəli məsələ isə bir qədər mürəkkəbdir. Kreml tələm-tələsik, heç Federasiya Şurasının bu əməliyyat üçün hökumətə icazə verilməsi barədə qərarı olmadan hərbi kontingentini Qarabağa yeritdi. Moskva status məsələsinin qapanmadığını, bunun gələcəkdə həll olunacağını vurğulayır. Azərbaycan isə ermənilərə hər hansı status vermək niyyətində deyilsə, bu, o deməkdir ki, Rusiyanın bölgədə onlara keşik çəkməsinə, əvvəlki “dövlətçilik” oyunu oynamasına dünəndən razı deyil. Sadəcə, şərait məcbur edir ki, Azərbaycan daha səbrli davranıb, uyğun zamanı gözləsin.

Bakı bu iqtiqamətdə nələr edə bilər? Təbii ki, ilk növbədə strateji müttəfiqi Türkiyənin Azərbaycanda hərbi iştirakını təmin etməlidir. Bu istiqamətdə lazımi addımlar atılıb. Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvə göndərilməsi ilə bağlı prezident Ərdoğanın təqdimatını təsdiqləyib. Türkiyə rəsmiləri bildirirlər ki, tərkibində mülki şəxslərin də olacağı heyətin sayı Rusiya kontingentinin sayına adekvat olacaq. Bu barədə ilk dəfə prezident Ərdoğanın özü deyib. Bu qüvvələrin işğaldan azad olunan ərazilərdə yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, atəşkəsə nəzarət mərkəzinin də sözügedən bölgədə yerləşdirilməsi zəruridir.

Azərbaycan daha sonra Qərb dairələri ilə müharibə dövründə zəifləyən dialoqu bərpa etməyə səy göstərə bilər. Minsk formatı hələ ki dağılmayıb, Bakı bu çərçivədə və başqa ikitərəfli əlaqələr müstəvisində, habelə beynəlxalq təşkilatlarda Qarabağ probleminin tam həlli üçün fəaliyyətini aktivləşdirə bilər. Münaqişə Azərbaycanın suverenliyi çərçivəsində həll olunmalıdır. Bölgədəki Rusiya hərbi kontingentinə əlavə beynəlxalq nəzarət mexanizmi də vacibdir. Bunun Minsk qrupu çərçivəsində və ya başqa formatlarda gündəmə gətirilməsi mümkündür.

Azərbaycanın daxilində Qarabağın işğalda qalan əraziləri ilə bağlı hüquqi, siyasi addımların atılması da vacibdir. Məsələn, tanınmış vəkil Fuad Ağayev təklif edir ki, sülhməramlılarının nəzarətində olan ərazini Rusiyanın ümidinə buraxmaq olmaz. Milli Məclis “Dağlıq Qarabağ və Laçın rayonunun bir hissəsinin müvəqqəti nizamlama qaydaları haqqında” Qanun qəbul etməlidir. Vəkil bildirib ki, Kəlbəcər, Ağdam və Laçın rayonları qaytarılandan sonra hələ tam nəzarətimizdə olmayan ərazilərimizdə sülhməramlıların və yerli əhalinin davranış qaydalarını Kreml diktə etməli deyil, biz müəyyənləşdirməliyik:

“İlk növbədə Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonunda olan sərhəd məntəqəsində Azərbaycan sərhədçiləri oturmalı, ərazimizə daxil olanlara qanunlarımıza müvafiq şəkildə nəzarət həyata keçirməlidirlər. Eynilə orada gömrük məntəqəmiz yaradılmalı, fəaliyyət göstərməlidir. Həmçinin, Azərbaycan polisi və Dövlət Təhlükəsiziliyi Xidmətinin də normal işləməsi üçün şərait yaradılmalıdır. Əks təqdirdə, həmin əraziyə külli miqdarda silah-sursat, hərbi texnika da göndəriləcək, terrorçular da”.

F.Ağayev müvafiq layihənin hazırlanması ilə bağlı hər cür kömək edə biləcəyini söyləyib.

Turqut