Rusiya prezidenti Vladimir Putin noyabrın 17-də “Rossiya 24” dövlət kanalına Dağlıq Qarabağ münaqişəsi, sülhməramlı əməliyyat, Türkiyənin rolu, Ermənistandakı durum və bu mövzu ətrafında bir çox başqa məsələlər barədə geniş müsahibə verib. Azərbaycanda və Ermənistanda 10 noyabr tarixli üçtərəfli sənəd, Rusiyanın prosesdə iştirakının perspektivləri ilə bağlı qızğın müzakirələrin getdiyi bir vaxtda bu müsahibə xeyli suallara aydınlıq gətirdi.

Əvvəlcə onu qeyd edək ki, Putin imzalanmış bəyanatın çox qısa bir zamanda ortaya çıxmasına aydınlıq gətirib. Bu barədə münaqişə tərəflərində xeyli fərqli mülahizələr var. Bir çox ekspertin qiymətləndirməsinə görə, müharibənin bəzi ssenariləri əvvəldən razılaşdırılıb. Amma Rusiya prezidentinin dedikləri bunun əksidir:

“Qarabağa dair razılaşma bir günün ərzində tərtib edilib. Bu məsələdə tərəflər arasında hər sözə, hər vergülə görə mübarizə gedirdi. Atəşkəsə qədər Qarabağda böhranlı vəziyyət yaranmışdı, hər saatın qiyməti vardı və Minsk qrupu çərçivəsində danışıqların aparılmasına vaxt yox idi”.

Rusiya prezidenti bildirib ki, hələ oktyabrda danışıqlar zamanı İlham Əliyevi döyüşlərin dayandırılmasına inandıra bilib, amma Əliyev azərbaycanlı köçkünlərin Şuşa şəhərinə qaytarılması şərtini qoyub. Paşinyan isə Rusiya prezidentinin gözləmədiyi halda, bu şərti qəbul etməyib. Kreml rəhbərinin söylədiklərindən belə nəticə hasil olur ki, atəşkəs razılaşması məhz 9 noyabrda gündəmə gəlib və həllini tapıb. Həmin gün baş verən bəzi hadisələr isə yəqin ki, uzun müddət unudulmayacaq…

Rusiya lideri müsahibə boyu hər iki tərəfi qane edən və əksinə, hər iki tərəfdə narahatlıq doğuran fikirlər səsləndirib. Xüsusən onun Dağlıq Qarabağın statusu ilə bağlı söylədikləri Rusiyanın yaxın gələcəkdə problemin birdəflik həllinə imkan verməyəcəyinə işarədir. Jurnalistin “Dağlıq Qarabağın statusu problemi varmı” sualına Putin belə cavab verib:

“Bəli, belə bir problem mövcuddur. Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bu gün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər. Zənnimcə, əgər Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası, insanlar arasında, xüsusilə də münaqişə bölgəsində məişət səviyyəsində münasibətlərin qurulması üçün normal həyat şəraiti yaradılarsa, bu, Qarabağın statusunun müəyyənləşməsi üçün də şərait yaradar”.

Putin açıq şəkildə deyir ki, münaqişənin hərbi fazası bitdikdən sonra o, dondurulur, status məsələsini isə gələcək rəhbərlər həll edəcəklər. Yəni ən azı Putinin öz hakimiyyəti dövründə Qarabağ məsələsinin həlli mümkün olmayacaq. Rusiyanın bu mövqeyini üçtərəfli razılaşmanın əldə olunduğu 10 noyabr tarixindən bu günə qədər Dağlıq Qarabağda həyata keçirdiyi tədbirlər də təsdiq edir. Qısaca olaraq xatırladaq ki, Rusiya bölgəyə sülhməramlı adı altında kifayət qədər hərbi texnika, ağır silahlar və yüksək peşəkarlığa malik təcrübəli hərbçilər gətirib. Paralel olaraq, Qarabağda birbaşa Moskvaya bağlı idarəetmə strukturları formalaşdırmağa başlayıb. Beləliklə, Putinin təsvir etdiyi qeyri-müəyyən müddətdə Dağlıq Qarabağ Rusiyanın de-fakto idarəçiliyində olacaq. Bu, o deməkdir ki, oradakı separatçılar və onların qanunsuz silahlı dəstələri fəaliyyətlərini davam etdirə bilərlər.

Jurnalistin “Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına Putinin cavabı belə oldu: “Biz Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıq, Krımın öz müqəddəratını təyin etməsini qəbul etdik…”

Yəni Putin bununla o mesajı çatdırmağa çalışır ki, hərbçilərimizə bir şey olsa, Azərbaycana problem yarada bilərik. “Cənubi Osetiyanın “tanınması” məhz sülhməramlılarla hücumla bağlı olmuşdu”, – deyə o, vurğulayıb.

Ermənistanda mümkün görünən hakimiyyət dəyişikliyindən sonra İrəvanın üçtərəfli sazişdən çıxması ehtimalı varmı? Azərbaycanda bəziləri məhz bu perspektivdən narahatlıq ifadə edirlər. Bildirilir ki, Paşinyanın hakimiyyətdən getməsi ilə Ermənistan razılaşmada nəzərdə tutulan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmaqdan imtina edə bilər. Rusiya ordusunun bölgədəki varlığı faktı isə Azərbaycanın düşmənə hərbi güc tətbiq etməsini əngəlləyər ki, bu da ölkənin 44 günlük müharibədə qazandığı naliyyəti heçə endirər.

Amma Rusiya prezidentinin bu barədə dedikləri Bakının narahatlığını xeyli azaldır. Putin bəyan edib ki, əgər Ermənistan belə niyyətə düşərsə, bu, onun üçün intihara bərabər olar. Görünür, 10 noyabr razılaşması Moskvanı tam qane edir və o, münaqişə tərəflərinin vəziyyətlə barışmasını istəyir.

Rusiya liderinin Türkiyənin prosesdə iştirakına münasibəti də Azərbaycanda müsbət qarşılanıb:

“Azərbaycan özünün hesab etdiyi və elə dünya birliyinin də onunku hesab etdiyi əraziləri qaytarırdı. Bu işdə isə o, özünə istənilən müttəfiqi seçə bilərdi. Türkiyənin hərəkətinə istənilən qiyməti vermək olar, amma onu beynəlxalq hüququn pozulmasında ittiham etmək olmaz”.

Putin Türkiyə sülhməramlıları məsələsinə də münasibət bildirib. O deyib ki, istər Ərdoğanı, istərsə də İlham Əliyevi razılaşmaya xələl gətirəcək, tərəflərdən birini təxribata çəkəcək situasiyanın yaranmasının yolverilməzliyinə inandıra bilib:

“Erməni tərəfini təmas xəttində türk əsgərinin olması ilə qıcıqlandırmaq nəyə lazımdır? Mənə belə gəlir ki, bunu prezident Ərdoğan da yaxşı başa düşürdü. Buna görə də biz razılaşdıq ki, Türkiyə Azərbaycanın tərəfində atəşkəsə nəzarət edəcək. Biz bu işi Türkiyə ilə birgə görəcəyik”.

Putin bununla  deyib ki, Rusiya Türkiyənin Azərbaycanda hərbi varlığına etiraz etmir. O, Suriyada əməkdaşlıq təcrübələrinin olduğunu xatırladıb. Amma bir şərtlə: Türkiyə ordusu təmas xəttində deyil, Azərbaycanın istənilən başqa yerində ola bilər. Bu, rəsmi Bakını qismən qane edir.

Turqut