Maaşlar, pensiyalar niyə noyabrdan artırılmır?

İqtisadçılar buna ölkənin yetərli maliyyə resurslarının olduğunu bildirirlər

Oktyabrın 16-da elektrik enerjisinin və təbii qazın qiyməti növbəti dəfə bahalaşdıqdan sonra Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ölkədəki bahalaşma nəzərə alınacaq və gələn il minimum əməkhaqqı və sosial ödənişlər artırılacaq. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu sənədə istinad edərək bildirib ki, pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il 20-40% artırıla bilər.

Xatırladaq ki, bu ilin əvvəlində ölkədə orta aylıq əmək haqqı 703 manat, minimum maaş isə 264 manat olub. Ötən il ölkədə əməkqabiliyyətli əhali üçün yaşayış minimumunun həcmi 201 manat, pensiyaçılar üçünsə 157 manat təşkil edib. 

Son 3 ildə “Aİ-92” markalı benzinin qiyməti 11, dizelin qiyməti 33 faiz artıb. Əhalinin istehlak etdiyi su 35 qəpikdən 70 qəpiyə, tullantı sularının axıdılması xidməti isə 1 kubmetr üçün 15 qəpikdən 30 qəpiyə yüksəldilib. Bu müddətdə təbii qaz da bahalaşıb. Tarif Şurasının 30 iyundakı qərarınadək Azərbaycanda 2200 kubmetrədək istehlak edilən qazın hər kubmetri 10 qəpiyə satılırdısa, həmin qərardan sonra limit 50 faizə yaxın azaldılaraq 1200 kubmetrə endirilib. İl ərzində Tarif Şurasının qəbul etdiyi digər bir qərarla həmin 10 qəpik də daha 20 faiz artırılaraq, 12 qəpiyə yüksəlib.

Ötən 3 il ərzində ərzaq məhsullarının da qiymətində əhəmiyyətli sıçrayış qeydə alınıb. Dövlət Statistika Komitsinin 2018-ci ilin əvvəlindən açıqladığı 133 məhsuldan 50-yə yaxınında qiymət artımı 20 faizdən daha yüksək olub. Hətta həmin müddət ərzində siqaretin qiyməti orta hesabla 65 faiz, tərəvəz və duru yağların qiyməti isə 40-50 faiz bahalaşıb.

Hökumətin hazırkı maliyyə imkanları bahalaşmaya uyğun maaş, pensiya, müavinətlərin artırılmasına yetirmi? Prezidentin bu barədə sərəncamına uyğun olaraq yanvarın 1-dən deyil, noyabrın 1-dən artımlar ola bilərdimi? 

Bunu müəyyən etmək üçün Azərbaycanın büdcəsinin əsas donoru olan Dövlət Neft Fondunun (ARDNF) hesabatına diqqət etmək lazım gəlir. ARDNF bildirir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 10 milyard 444,5 milyon manat, büdcə xərcləri isə 7 milyard 328,2 milyon manat təşkil edib. Bu o deməkdir ki, ARDNF büdcəsində 3 milyard 116,3 milyon manat profisit yaranıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında ARDNF-nin gəlirləri 3 milyard 851,4 milyon manat artıb, xərcləri isə 1 milyard 718,1 milyon manat azalıb. Belə ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 milyard 593,1 milyon manat, büdcə xərcləri isə 9 milyrad 46,3 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi isə bəyan edib ki, 2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsində 159,7 mln. manat məbləğində profisit yaranıb. 

İqtisadçı Qubad İbadoğlu bildirir ki, ümumilikdə icmal büdcədə 3 milyard 563,1 mln. manat büdcə artıqlığı yaranıb.

“Bəs nədən Prezidentin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla əməkhaqqı, pensiyalar, sosial müavinətlər və təqaüdlərlə bağlı əlavə ödənişlər növbəti ilə planlaşdırılır. Əhali qiymətlərin bahalaşmasından yaranan məsrəfləri 2 ildir ki, eyni maaş, sosial müavinətlər və təqaüdlərlə ödəyir. İndekslərşdirmə isə yalnız pensiyalara tətbiq olunur. 2021-ci ilin yanvar-avqust aylarında orta aylıq nominal əmək haqqı 2020-ci ilin yanvar-avqust aylarına nisbətən 2,2 faiz artdığı halda düzgün hesablanması şübhə doğuran əslində daha yuxarı olan istehlak qiymətləri indeksi rəsmi açıqlamalara görə 5,2 faiz yüksəlib. Eyni zamanda bu il ərzində nəqliyyatda gediş haqqının, istiliyin, neft məhsullarının qiymətinin tariflərinin yenidən bahalaşması gözlənilir. Belə olan halda əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasına gələn ildən deyil, bu ildən start verilməlidir. Bunu mən siyasətçi kimi deyil, normal iqtisadi məntiq və qanunlara istinadən deyirəm”,-deyə o vurğulayıb. 

İqtisadçı Nemət Əliyev də Pressklub.az-a bildirib ki, gələn il yanvarın 1-dən bütün pensiyalar orta aylıq əmək haqqının artım tempi qədər indeksləşdiriləcək: “Bu addım, indeksləşmə haqqında qanuna görə, hər il tətbiq olunur. Əgər orta aylıq əmək haqqının hazırkı tempi ilin sonunadək dəyişməsə, pensiyalarda artım 2.2 faiz olacaq. Əmək haqlarının artımı haqqında isə hələ ki, bir yenilik yoxdur. Amma dövlət başçısı artımlar haqqında fərman da imzalayıb və orada artımlar olacağı haqqında eləcə anons verilib. Konkretləşəndə ola bilər ki, həm əmək haqlarının, həm də pensiyaların artımı haqqında əlavələr olsun”.

İqtisadçı hesab edir ki, əmək haqlarının, pensiya və müavinətlərin artırılması üçün Azərbaycanda çox ciddi əsaslar var: “Heç kəs düşünməsin ki, Azərbaycan dövlətinin pulu yoxdur. Neft Fondunda 51 milyard pulumuz var. Bunun idarə olunmasından əlavə milyardlar qazana bilirlər. Vəsaitləri şəffaf idarə etsələr, yaxud da gizlətməsələr, böyük mənbələr elə oradadır”.

N. Əliyev qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrə satdığı neft və qeyri-neft məhsullarının qiyməti 42 faiz qalxıb: “Bu dövrdə ixracın həcmi 12.7 milyard olub. Yəni, yalnız ixrac etdiyimiz məhsulların bahalaşmasından 5.3 milyard manat qazanc götürmüşük”. İqtisadçı əlavə edib ki, xaricdən idxal edilən malların ölkədaxili bazarlarda bahalaşmasından da səkkiz ayda 2.4 mlrd. manat gəlir götürülüb: “Bu iki istiqamət üzrə 7.7 milyard manat təmiz qazanc əldə edilib. Bu vəsait sosial xərclərin maliyyələşdirilməsi üçün çox böyük məbləğ hesab olunur. Ona görə də “vəsaitimiz çatışmır” kimi açıqlamalar gülməlidir”.

Turqut