Üçtərəfli razılaşmada nəzərdə tutulan qrafik üzrə Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi baş tutmadı. Əldə olunan yeni razılaşmaya görə, erməni tərəfinə noyabrın 25-dək daha 10 gün vaxt verilir. Noyabrın 14-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək əlavə vaxta zərurət yarandığını bildirmişdi.

Bu hadisə Azərbaycanda Rusiya sülhməramlıları ilə bağlı narahatlığı daha da artırdı. Noyabrın 10-da əldə olunmuş razılaşmanın icra olunmayacağı barədə şübhələr yarandı. Çünki Kəlbəcərin boşaldılmasının ləngidilməsi ilə bağlı gətirlən səbəblər yetərli deyil. Rəsmi izahatda bildirilir:

– Kəlbəcər böyük rayondur və 5 gün kifayət etməyib;

– Ermənilərin Kəlbəcərdən çıxması üçün bir yol var: eyni vaxtda əhali və erməni qoşunları bu yoldan çıxmalıdır;

– Bu yol dardır və eyni anda qoşunlarla əhalinin çıxması 5 günə mümkün olmadı…

Əvvəla, Kəlbəcər ərazisinin böyük bir hissəsi məskunlaşdırılmayıb. Cəmi bir neçə kəndə Yaxın Şərqdən gətirilən ermənilər yerləşdirilib ki, onların sayı ərazidə yaşayan başqa ermənilərlə birlikdə 4 mindən artıq deyil. Onların əksəriyyəti də noyabrın 10-dan əvvəl və sonra rayonu tərk edib.

İkincisi, Kəlbəcərdə Ermənistan ordusunun böyük hərbi kontingenti olmayıb. Erməni rəsmilərinin bildirdiyinə görə, sayı 20-25 min nəfər olan əsas ordu hissələri Ağdam və Ağdərə istiqamətində cəmləşdirilib.

Üçüncüsü, verilən əlavə vaxt kifayət qədər çoxdur. Nəzərə alsaq ki, kəndləri tərk edən ermənilər evləri yandırır, meşələri qırır, yolları, keçidləri minalayır, o zaman düşmənə belə bir şansın tanınması yolverilməz idi.

Azərbaycan tərəfinin qeyd olunmayan arqumentlərindən bir də odur ki, qarşı tərəfə, elə Rusiyaya əlavə bəhanə verməmək üçün Azərbaycan tərəfi Putinin xahişini yerə salmayıb. Moskvanın üçtərəfli razılaşmaya sadiq olmadığı ilk gündən məlumdur, Qarabağda faktiki olaraq general-qubernatorluq yaradılır, humanitar missiya adı altında yeni idarəçilik sistemi qurulur. Bütün bunlar Azərbaycanın suverenliyinə açıq hörmətsizlikdir. Yəqin ki, Bakıda situasiyanın daha pis ssenari üzrə inkişaf etməsinin qarşısını almaq üçün texniki məsələlərin həllində israrlı olmaq istəməyiblər. Sözügedən pis ssenarinin əlamətləri isə görünməyə başlayıb.

Ermənistan düçar olduğu ağır məğlubiyyəti nisbətən yüngülləşdirmək üçün Rusiyanın köməyinə bel bağlayır. Xəyal qurur ki, bəlkə Kəlbəcər, Ağdam və Laçın rayonlarını əlində saxlaya bilər. Daşnaksutyun Partiyasının təmsilçisi İşxan Saqatelyanın bəyanatı da bu niyyətdən xəbər verir:

“Müxalifətin yol xəritəsi noyabrın 10-da açıqlanmış üçtərəfli bəyanatdan maksimum faydalanmağa imkan verəcək. Bu sənədi xalqın arxasından bağlanmış kapitulyasiya sazişi hesab edirik. Ancaq hər şey bitməyib. Diplomatik yollar, danışıqlar vasitəsilə indiki vəziyyətdə güzəştlərimizi minimuma endirməyə çalışmalıyıq”. Saqatelyan ona işarə edir ki, Rusiyanın tələbələrinə tam müsbət cavab verib, üçtərəfli sazişdən mümkün qədər bəhrələnmək lazımdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu gün bildirib ki, qəbul edilən bəyanatın yenidən yazılması cəhdlərini görmürlər: “Düzgün anlayıramsa, hazırda Ermənistanda qəliz müzakirələr gedir. Öz ölkəsinin maraqlarını dəstəkləmək üçün birləşən 17 partiya bəyanatın birmənalı olaraq hər hansı dəyişikliyə uğramasına qarşı çıxıblar. Biz buna istinad edirik və belə bir cəhdlərin olmaması üçün əlimizdən gələni edəcəyik”.

Ehtimal etmək olar ki, Rusiya 3 rayonun boşaldılması üçün Azərbaycanın qarşısında hansısa əlavə şərtlər irəli sürür. İstisna deyil ki, Moskva ölkəmizdə yerləşəcək Türkiyə hərbi kontingentinin azsaylı olmasına çalışır. Eyni zamanda, Rusiya atəşkəsə nəzarət üzrə Mərkəzin Qarabağdan kənarda yerləşməsini istəyir. Ola bilər ki, sözügedən üç rayonda Rusiyanın müəyyən nəzarətinin təmin olunması (artıq onlar ermənilərin Dadivank adlandırdığı məbədin girişində post yaradıblar) və bəzi kəndlərdən Azərbaycan Ordusunun çıxarılmasını, ermənilərin yaşadığı Ağdərəyə sərbəst giriş-çıxış verilməsini tələb edir. Çünki Ağdərənin şimalı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Hər halda, yaxın günlərdə Moskvanın məqsədi aydın olacaq. Noyabrın 20-də Ağdam rayonu boşaldılmalıdır, bu tarixə isə cəmi 3 gün qalıb…

Turqut