İran Kremlin oyununda 

Müəllif: Seymur Həzi

İran, Azərbaycan və Ermənistan üçbucağı son günlər siyasi müzakirələrin mərkəzinə tez-tez çıxır. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən İslam Respublikasına aid yük maşınlarının yol sənədlərindən birində belə yazılmışdı: “Ermənistan, Stepanakert”. 

Azərbaycan sərhədində xidmət aparan DİN, Sərhəd Xidməti və Gömrük Komitəsinin əməkdaşları bu avtomobili postdan buraxmayıblar. Düz ediblər, amma İran tərəfi belə həssas bölgədən keçən avtomobilə niyə bu cür yol vərəqi versin ki? Konspirasiya kimi görünsə də, burada bir mesaj var. Özü də bu, təkcə İranda düşünülmüş mesaj deyil. 

Tehranı oyuna Kreml salıb 

Bu olaydan əvvəl bizim gündəmimizdə Rusiya Müdafiə Nazirliyinin dövlət satınalmaları saytında yerləşdirdiyi rəsmi elanda “Dağlıq Qarabağ Respublikası” yazılması idi. Azərbaycan tərəfi diplomatik kanallarla buna etiraz etdi. Rusiya guya səhvini düzəltdi, amma necə deyərlər, üzrü günahından betər oldu. Bu dəfə də yazdılar ki, dövlət satınalmalarında “Dağlıq Qarabağ Respublikası”na (dırnaq müəllifə məxsusdur) aid tender ləğv edilir. Guya Azərbaycan tenderə etiraz edirdi. Siyasi müxalifət və vətəndaş cəmiyyəti bu məsələnin üstünə getsə də, hakimiyyət yenə də susqunluğa üstünlük verdi – ya da əvvəlkində olduğu kimi, diplomatik kanallarla işləməyə. 

Bu  hadisənin səngiməsindən az keçmiş İranın belə bir addım atması isə təsadüf ola bilməz. Ona görə ki, İran da Qafqazda Rusiya ilə həm müttəfiqdir, həm də rəqib. Bu məsələni növbəti başlıqda daha detallı aydınlaşdıracağıq. İranın da məhz Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aşkar qanunsuz addımı və bunun Azərbaycan tərəfindən aşkarlanacağını bilərək bu addımı atması onu deyir ki, Kreml Tehranı bu oyuna cəlb edib və burada hər iki paytaxtın ortaq marağı var. 

Türkiyəyə və bir-birilərinə qarşı 

Burada maraqlı məqam Rusiya və İranın Azərbaycana qarşı çıxarkən ayrı-ayrı üsul seçmələridir. Rusiya Azərbaycana “Qarabağ müstəqil dövlətdir”deyir. İran isə “Xankəndi Ermənistandır” deyir. İran burada yenə Ermənistana mesaj verir ki, biz Rusiya ilə birlikdəyik, amma sizin marağınıza qarşı deyilik. Hər nə qədər qəribə görünsə də, Rusiya hazırda “Qarabağ məsələsi”ni Ermənistandan uzaq tutmaq istəyir. Yəni burada özünü Cənubi Osetiya və Abxaziyada apardığı kimi aparmaq və qəbul etdirmək niyyətindədir. İran isə Azərbaycana, dolayı yolla Türkiyəyə qarşı Rusiya ilə birlikdə olduğunun mesajını verir, amma Ermənistana da “Qarabağı səndən ayrı düşünmürəm” deyir. 

Bununla da biz bölgədə İranla Rusiyanın birlikdə Azərbaycan və Türkiyə əleyhinə birləşdiyini görürük. Qarabağın “müstəqilliyinin” taleyi onlar üçün sonrakı məsələdir. Hazırda məqsəd Türkiyənin bölgədə yerləşməsinə və bərkiməsinə mane olmaqdır. İran və Rusiyanın burada marağını toqquşduran Paşinyan hökumətinin Rusiyaya münasibətinin pis olmasıdır. Əgər onun yerində Köçəryan və Sarkisyan, ya da bu xətdən kimsə olsa, Kremllə Tehranın heç bir ziddiyyətli mövqeyi qalmaz. Tamamilə başqa məsələdir ki, İran 44 günlük müharibədən sonra Azərbaycanda xeyli nüfuz itirdiyini bilir və buna görə də ölkənin daxilində itirdiyi populyarlığın itkisini xarici həmlələrlə əvəz edir. 

Azərbaycan hələ də gözləyir 

Azərbaycan Silahlı Qüvvələri türkiyəli həmkarları ilə ən müxtəlif sahələrdə birgə əməliyyat vərdişləri yaradan təlimlər keçirir. Amma nədənsə, Bakıda belə bir düşüncə var ki, Moskva yenidən ona qarşı yumşalacaq. Fəqət, hadisələrin gedişindən görünür ki, Rusiya Paşinyana dözmək fikrində deyil və onunla, ya da onsuz bölgədə yeni silahlı münaqişəyə hazırlaşır. Bunun qarşısını almaq üçün Bakı daxildəki siyasi vəziyyəti etibarlılaşdırmaqdan başqa, həm də daha etibarlı və rəsmi hərbi ittifaqlar qurmağa cəhd etməlidir.