İran Çinin forpostu olur? 

400 milyardlıq sazişin detalları haqqında... 

Müəllif: Seymur Həzi

İran ətrafında baş verən olayların əsl səbəbləri tam açıqlığa qovuşmadı. Bu fikrimi bölüşənlər yəqin ki, hələ də var. Çünki bölgədə bir müharibənin ili tamam olmamış, ikinci gərginlik ocağını yaratmaq Tehran üçün düşünülməmiş addım sayıla bilməzdi. Üstəlik, birinci müharibədə bütün tərəflər açıq oynadığı halda. Bir az daha açıq yazaq. 

Ermənistan və Azərbaycan arasında davam edən 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı aqressiya nümayişi riyazi baxımdan suallar yaradırdı. İranın belə sadə hesabı bilmədiyini iddia etmək düz olmazdı. Türkiyə və İsrail ayrı-ayrılıqda, Böyük Britaniya BMT TŞ səviyyəsində Azərbaycana dəstək verdisə, İran yəqin ki, özü ilə qarşıdurmada bu siyahının necə və neçəyə kimi böyüyəcəyini bilib. O zaman niyə belə bir addıma, Azərbaycanla gərginləşməyə üstünlük verdi? 

Bu günlərdə “İndependent”in türkcə versiyasında yazılan bir məqalənin izi ilə gedərkən maraqlı məlumatlarla qarşılaşdıq. Aydın oldu ki, baş verənlər təkcə iki ölkənin arasındakı qarşıdurma deyil. Elə isə nə baş verir?  

Kəşfiyyat məlumatları 

Britaniyada hazırlanan “Oilprice” saytında Yaxın Şərq üzrə tədqiqatçı yazar Simon Vatkins maraqlı məlumatlar verir. Müəllif iddia edir ki, onun məlumatları xəfiyyə orqanlarından sızıb. O, belə davam edir: 

“Çinin İranla sıx əməkdaşlığı uzun tarixə dayansa da, onlar rəqiblər əleyhinə birlikdə işləməklə bağlı 2016-cı ildə – Çin rəhbərinin İran səfərində razılığa gəliblər. İranla əldə olunan razılığın ən maraqlı detalları Urumçi-Tehran dəmir yolu, İranın Çabahar bölgəsində min km-lik kiber casusluq  mərkəzinin yaradılması və buraya qoyulan yatırımları qorumaq üçün 5000  Çin əsgərinin İrana yerləşdirilməsidir”. 

Müəllif bildirir ki, bu razılaşma  400 milyardlıq sazişin 25 il ərzində həyata keçirilməsini nəzərdə tutur.  Bu əməkdaşlığa dair  hələ təsdiqlənməyən bir iddia da yer alır. Söhbət Çinin İranda milyonlarla insanı izləmək qabiliyyəti olan kamera izləmə sistemi quracağından gedir. Yəni nə az, nə çox – 12 milyon kamera quraşdırılacaq. Bu sistem isə milli internet projesi çərçivəsində həyata keçiriləcək. 

Yəqin ki, dəyərli oxucumuz bunun totalitar rejimi möhkəmləndirmək üçün nəzərdə tutulduğunu anladı. Üstəlik, bu proje SEPAH  – İnqlab Mühafizləri ilə həyata keçiriləcək. 

Çindən bir ilk 

İranla əldə olunan razılaşmaya diqqət yetirsək, görərik ki, Çin artıq hərbi strategiyasını da dəyişib. Uzun zamandan sonra başqa bir ölkənin ərazisində əsgəri kontingentlə iştirak edəcək. Üstəlik, seçdiyi bölgə iki mühüm səbəbdən Qərbdəki rəqiblərinin hədəfindədir. Birincisi, regionda yaymaq istədiyi dini-fundamental ideyalar  və insan haqlarına qarşı olması səbəbindən. İkincisi, nüvə texnologiyasını inkişaf etdirmək niyyətinə görə. Bu baxımdan Çin İranı təkcə coğrafi mövqeyinə görə seçməyib, həm də İranı Qərbə qarşı etibarlı tərəfdaş sayır. 

Qərbin bu projeyə izn verib-verməyəcəyini biz dəqiq deyə bilmərik. Amma İranın Qərbdən tam qopmuş olduğunu da iddia etmək düz olmaz. Əfqanıstan prosesi göstərdi ki, İran ABŞ-la da əməkdaşlıq edə bilir. Burada həm də İran üçün yeni bir reallıq yaranır ki, hakimiyyətin dünyəvi qolu ilə dini qolu arasında nüfuz müharibəsi başlayacaq. Məsələn, ölkənin rəsmi kəşfiyyat orqanı ETTELAAT  özünün faktiki rəqibi olan SEPAH-ın belə imkanlar əldə etməsinə göz yumacaqmı? 

Bizimlə əlaqəsi 

Görünür ki, Çin yeni informasiya və iqtisadi müharibədə İranı özü üçün lojistik mərkəz seçib. Burada birinci məqsəd qarşıdurmanın mərkəzini özündən kənarda tutmaqdırsa, ikinci  mühüm məqsəd həm Qafqaza, həm də Fars Körfəzinə girişi olan bir ölkə vasitəsilə geniş cəbhəli hərəkat imkanı əldə etməkdir. İranın Azərbaycana qarşı aqressiyasının arxasında duran niyyət də məhz Ermənistan vasitəsilə sərbəst hərəkətinin məhdudlaşmasının bu projeyə zidd olmasıdır.  Azərbaycan müttəfiqlərinin də dəstəyi ilə bu məsələdə prinsipial davrandı. Sabah vəziyyət necə dəyişə bilər, bu da başqa mühüm sualdır ki, daha çox dövlət orqanları bu barədə düşünməlidir.