İran bizdən niyə şübhələnir? – AKTUAL ŞƏRH

Qərbin və İsrailin hərbi müdaxilə təhlükəsinin artması İranı ciddi narahat edir

İran İslam Respublikası (İİR) ilə Azərbaycan arasında diplomatik münasibətlərin kəsilməsinə bir addım qalıb. Dünən Tehran Azərbaycanın Naxçıvanla hava əlaqəsini kəsdi, Azərbaycan isə İranın ali rəhbəri Xamneyinin Bakıdakı nümayəndəliyini bağladı. Bundan sonra gözləmək olar ki, hər iki ölkə səfirlərini məsləhətləşmələr üçün geri çağırsın. 

İki qonşu ölkə arasında böhranın səbəbləri aydındır, amma Tehranın ritorikası konkret dəlillərə əsaslanmır. Bu günə qədər Azərbaycan tərəfinə nararazılığı əsaslandıran sübutlar təqdim olunmayıb. Azərbaycan prezidenti də İran rəhbərliyindən elə bu dəlilləri istəyib.

İran rəsmiləri əsasən 2 məsələyə görə Azərbaycanı ittiham edir:

– Sərhədlərin zorla dəyişdirilməsi;

– Terrorçuların və sionist rejimin (İsrail – red.) təzahürlərinin İranla sərhəddə cəmləşdirilməsi.

Birinci ittiham 44 günlük müharibədən sonra Gorus-Qafan yolunun Qubadlı rayonu ərazisindən keçən 21 kilometrlik hissəsinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlıdır. İran 30 illik işğal dövründə bu yoldan maneəsiz istifadə edərək, separatçı rejim və Ermənistanla fəal iqtisadi əlaqələr saxlayıb. Bu zaman Bakıdan hər hansı razılıq istəməyə ehtiyac duymayıb. Avqust ayından başlayaraq, bu yolda artıq Azərbaycanın gömrük və hüquq-mühafizə orqanlarının nəzarət məntəqələri yerləşdirilib, İrandan gedən yük maşınlarının yoxlanılmasına və rüsum alınmasına başlanıb. Tehran Azərbaycanın öz ərazisində həyata keçirdiyi bu tədbiri qəbuledilməz sayır və sərhədlərin zorla dəyişdirilməsi hesab edir. İran rəsmiləri hələ də izah etməyiblər ki, söhbət hansı sərhədlərin zorla dəyişdirilməsindən gedir? 

Tehranın əsas narazılığı İsrailin Azərbacan-İran sərhədlərinə yaxınlaşması ilə bağlıdır. Məlumdur ki, müharibədən sonra Azərbaycan işğaldan azad etdiyi 130 kilometrlik sərhəd xəttinin mühafizəsini təmin etmək üçün geniş infrastruktur işləri həyata keçirir. Ərazidə yeni hərbi hissələr, sərhəd zastavaları tikilib istifadəyə verilib, sərhəd qoşunlarının bir hissəsi ora dislokasiya edilib. Müdafiə Nazirliyinin tabeliyində olan bəzi hərbi hissələr də Dövlət Sərhəd Xidmətinin tərkibinə verilib. Prezident oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olarkən bu hərbi hissələrdən birinə baş çəkib. Mediaya ötürülən informasiyalardan görünür ki, burada yerləşən hərbi qüvvələr ən müasir silah sistemləri, xüsusən, İsraildən alınmış PUA-lar, zərbə dronları ilə təchiz olunub. 

Bundan başqa, Azərbaycan bölgədə 3 hava limanının tikintisini həyata keçirib. Onlardan Füzuli beynəlxalq aeroportu qısa müddətdə istifadəyə hazır vəziyyətə gətirilib, yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanıln iştirakı ilə onun təntənəli açılış mərasimi həyata keçirləcək. Zəngilan və Laçında da hava limanlarının təməli atılıb. 

Ehtimal ki, İran sadalanan bu fəaliyyətlərdən narahatdır. Perspektivdə həm İsraildən alınmış yüksək texnologiyalardan, həm də beynəlxalq hava limanından özünə qarşı istifadə edcəyini proqnozlaşdırır. Xatırladaq ki, rəsmi Bakı İran ətrafında beynəlxalq vəziyyətin ən mürəkkəb olduğu vaxtlarda bəyan edib ki, ərazisindən heç bir ölkəyə qarşı istifadə olunmasına icazə verməyəcək. 

İranın dilə gətirmədiyi başqa narazılıqlar da var. Türkiyə-Azərbaycan hərbi-siyasi əlaqələrinin dərinləşməsi, Pakistanın bu prosesə cəlb olunması, vaxtaşırı birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartları əsasında modernləşdirilməsi, hərbi arsenalın Türkiyə və İsrailin ən müsair silah sistemləri ilə zənginləşdirməsi Tehranı bərk qıcıqlandırır. Məlumdur ki, İranın həm Türkiyə, həm də Pakistanla münasibətləri o qədər də isti deyil. Xüsusən, qonşu olsalar belə, tamamilə fərqli xarici siyasət yürüdən Tehran-İslamamabad əlaqələri tez-tez böhrana girir. 

İranı həm də ona görə narahatdır ki, ABŞ-da Tramp administrasiyasından sonra Vaşinqtonla gərginliyin yumşalacağına inamını itirib. Xatırladaq ki, respublikaçı prezident Amerikanı 2018-ci ilə İranla nüvə anlaşmasından çıxarıb və ona qarşı ağır istisadi sanksiyaları bərpa edib. Prezident Bayden isə seçki kampaniyasında ABŞ-ın yenidən İranla altlıq razılaşmasına qayıdacağını vəd etsə də, keçən bir il ərzində bu vəd özünü doğrultmur. Əksinə, İranda hakimiyyətə gəlmiş mühafizəkar İbrahim Rəisi administrasiyasının Vaşinqtona yeni şərtlər irəli sürməsi danışıqları böhrana salıb. 

Dünən ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan prezident Baydenin Tehrana xəbərdarlığını xatırladaraq bəyan edib ki, əgər danışıqlar iflasa uğrasa, Vaşinqton başqa variantlara da üz tuta bilər.

Xatırladaq ki, Baydenin baş müşaviri Ceyk Sallivan və İsrailin milli təhlükəsizlik müşaviri Eyal Hulata Vaşinqtonda Tehranın nüvə proqramının nə dərəcədə irəli getməsinə dair fikir və kəşfiyyat məlumatı mübadiləsi ediblər. Bu bəyanatın görüşdən sonra səsləndirilməsi diqqət çəkib. 

Bundan əvvəl isə İsrailin Baş naziri Naftali Bennet BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərək, İranın “qırmızı xətləri tapdaladığını” bəyan edib. Baş nazir qeyd edib ki, İran “nüvə çətiri” ilə Yaxın Şərqə dominantlıq etmək niyyətindədir, lakin İsrail Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcək. Baş nazir əlavə edib ki, İranın nüvə reaktorlarını sözlə dayandırmaq mümkün olmayacaq və beynəlxalq ictimaiyyət bu sahədə konkret addımlar atmalıdır.

Bu arada, İranda hərbi infrastrukturun partladılması, nüvə üzrə mütəxəssislərin öldürülməsi xəbərləri gəlir. İki gün əvvəl yayılan informasiyada isə Suriyada İran generalının İsrail xüsusi xidmət orqanları tərəfindən qaçırılmasından bəhs olunurdu. 

Beləliklə, İran ətrafında vəziyyət gərginləşib, Tehran İsrail və Qərb blokunun ona qarşı hərbi güc tətbiq edəcəyindən ehtiyatlanır. Bu konteksdə Azərbaycanın İsraillə münasibətləri dərinləşdirməsi də İran rəsmilərinə həddindən artıq şübhəli gəlir. Problemi bir az da qəzlizləşdirən hal isə Azərbaycanın bu dəfə İranla diplomatik, siyasi qarşıdurmadan çəkinməyib, onun hədələrinə adekvat cavablar verməsidir. 

Yaxın zamanlarda İrana qarşı güc tətbiqi, Azərbaycanın prosesdə hansısa formada rol alıb-almayacağı barədə danışmaq çətindir. Əvvəla, Qərbin, yaxud İsrailin İrana quru yolla müdaxilə etməsi inandırıcı deyil. Əksər mütəxəssislər bu versiyanı inkar edir. Əsas ehtimal olunan güc tətbiqi İranın hərbi obyektlərinə, HHM-lərinə havadan zərbələr endirilərək sıradan çıxarılması, nəticədə müdafiəsiz qalan silahlı qüvvələrin kapituliyasiyasına nail olmaqdır. Azərbaycanın bu prosesin ilk mərhələsində rol alması inandırıcı deyil, çünki özünü qarşı tərəfin adekvat zərbə hədəfinə çevirmək istəməz.

Azərbaycan-İran münasibətlərindəki gərginliyin bundan sonra necə inkişaf edəcəyinə gəlincə, burada da hərbi güc tətbiqi istisna edilir. Əlbəttə, söhbət Tehranın Azərbaycana qarşı mümkün hərbi təxribatlarından gedir. Çünki:

– İran Türkiyə və Pakistan amilinin Azərbaycanın arxasında dayandığını nəzərə alır;

– İsrail-Azərbaycan əlaqələri və Təl-Əvivin bu təxribatlardan istifadə edərək İrana qarşı zərbələr endirməsi mümkündür;

– Bu halda ABŞ və Britaniyanın İsrailə hərbi dəstək verərək, körfəzdən İrana hava zərbələri endirəcəyi şübhə doğurmur;

– Regionda əsas güc olan Rusiya seyrçi mövqedə dayanır və hətta gərginliyi yumşaltmaq üçün vasitəçilik belə təklif etmir.  

Nəhayət, İran bu müharibədə demək olar ki, təkdir, onun heç bir güclü dövlətlə müttəfqilik münasibətləri yoxdur. İranla iqtisadi əlaqələri dərinləşdirmək istəyən Çin ənənəvi siyasətində qalır və kənar münaqişələrdə aktiv iştirak etməyəcək. Rusiyanın isə ABŞ-ın İraqda keçirdiyi əməliyyatlardan fərqli reaksiya verəcəyi inandırıcı deyil. 

Beləliklə, İran-Azərbaycan münasibətlərinin bundan daha pis olacağını gözləmək olar. Səfirlərin geri çağrılması, yeni hərbi təlimlər, güc nümayişi, Ermənistana açıq hərbi, iqtisadi yardım və s. addımlar istisna deyil. 

Tehranın Azərbaycana qarşı yumşaq gücdən (İran kəşfiyyat orqanlarına bağlı dini, radikal qrupların aktivləşdirilməsi və s.) istifadə etmək cəhdləri də mümkündür. Amma Azərbaycanda ictimai rəy bu məsələdə hakimiyyətin mövqeyini dəstəkləyir. Siyasi müxalifət də iqtidardan fərqli bir mövqe nümayiş etdirməyib. Ona görə də lokal təxribat cəhdlərin effektli olacağı inandırıcı görünmür. 

Turqut