Fransa Senatının rəsmi saytında “Konstitusiyanın 34 (1) maddəsi əsasında Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında təklif ” adlı qətnamə layihəsi qoyulub. Göstərilir ki, 18 noyabr 2020-ci il tarixində ölkə parlamentinin yuxarı palatasına təqdim olunmuş bu təklifi (№ 145 (2020-2021) 5 deputat imzalayıb: Respublikaçılar qrupunun prezidenti Bruno Retaylo, Sosialistlər qrupunun sədri, ekoloq və respublikaçı Patrik Kanner, Mərkəzçi ittifaq qrupunun sədri Erve Marsel, Vətəndaşların və ekoloqların respublikaçı kommunistlər qrupunun sədri Elian Assassi və Ətraf mühitin qorunması üzrə qrupun sədri Qiyom Qontar.

Rusiyanın Взгляд nəşri senator Retayloya istinadən bildirir ki, “Artsax Respublikasının Fransa tərəfindən tanınması haqqında qətnamə” noyabrın 25-də müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, “türk və islam ekspansionizmi” ilə üzləşmiş Dağlıq Qarabağ “əhalisinin hüquq və azadlıqlarının etibarlı qorunmasına yalnız müstəqilliyin tanınması zəmanət verə bilər”.

Oktyabrın ortalarında eyni qətnamə layihəsi Milli Məclisə – Fransa parlamentinin aşağı palatasına da təqdim olunmuşdu. O zaman Sputnik Армения saytı bu sənəddən hətta sitatlar gətirmişdi. Qətnamə layihəsində qeyd edilirdi ki, Azərbaycan hökuməti, mahiyyət etibarı ilə, Qarabağ probleminin danışıqlar yolu ilə dinc həllindən boyun qaçırır. “Milli Məclis bu problemin mülki əhalinin təklükəsizliyinə təminat yaradan qaydada tezliklə və birdəfəlik həllində israrlıdır”. Mətndə Dağlıq Qarabağ nümayəndələrinin də qatılacağı çoxtərəfli danışıqlar prosesində bu qurumun tam suverenliyinin müəyyənləşdirilməsi vacibliyi önə çəkilir və deyilirdi: “Fransa hökumətini Artsax Respublikasını dərhal tanımağa və münaqişənin birdəfəlik həlli üçün onun hakimiyyəti ilə diplomatik əlaqələr qurmağa çağırırıq”.

İndi fransız senatorlar oxşar qətnaməni parlamentin başqa qapısından – yuxarı palatadan içəri keçirməyə çalışırlar. Bu ölkədə Senatın qətnamələri tövsiyə xarakteri daşıyır, hökumət onları nəzərə alır, amma əməl etməyə məcbur deyil. Bununla belə, həmin qətnamənin qəbul edilməsi ATƏT-in Minsk Qrupunda Fransanın həmsədr roluna son qoya bilər. Beynəlxalq normaları pozaraq, münaqişə tərəflərindən birinə açıq dəstək verən və bu işdə hamıdan, hətta təcavüzkarın özündən qabağa düşməyə çalışan bir ölkə (Dağlıq Qarabağın müstəqilliyini heç Ermənistan da tanımayıb) problemin sülh yolu ilə həllində qərəzsiz vasitəçi rolunu oynaya bilməz!

Elə Fransa senatorlarının növbəti qətnamə layihəsini parlamentə təqdim etdiyi gün, noyabrın 18-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bəyan etmişdi ki, ABŞ və onun Avropa müttəfiqləri Qağlıq Qarabağda atəşkəs haqqında razılaşmanı pozmağa təhrik edirlər.

Noyabrın 17-də bildirilmişdi ki, Pompeo və Fransa XİN rəhbəri Jan-İv-Drian Parisdə danışıqlar zamanı Moskvadan Qağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasında Türkiyənin rolu və razılaşmanın detalları barədə daha geniş məlumat istəyiblər. Rusiya XİN rəhbəri Lavrov bildirmişdi ki, Moskva “münaqişənin qaynar mərhələsini dayandırmaq üçün səy göstərməyə başladığı ilk vaxtdan ABŞ və Fransa həmsədrləri ilə yaxın təmasda işləyib”, buna görə Dövlət Departamentinin məlumat azlığından şikayətlənməsi ya bu bəyanatı verənlərin öz məlumatsızlığından, ya da anlaşılmazlıqdan irəli gəlir. Prezident Putin isə hesab etmişdi ki, Dağlıq Qarabağ nizamlanmasından kənarda qaldıqları üçün Vaşinqtonun və Parisin inciyə biləcəkləri haqqında deyilənlər şişirtmədir.

Nə olar, tezliklə incikliyin dərəcəsi aydınlaşacaq və Parisin nəyə – sülhə, yoxsa müharibənin yenidən alovlanması təhlükəsi yaradan gərginliyi artırmağa kökləndiyini görəcəyik.

 

Press Klub