Müharibə dövründə Ermənistan tərəfi mülki əhaliyə qarşı bir çox cinayətlər törətdi. İstər döyüş zonasına yaxın Azərbaycan şəhər və kəndləri, istərsə də ölkənin ikinci böyük şəhəri Gəncə artilleriya və raket zərbələrinə məruz qaldı. Çoxlu sayda dinc sakin həlak oldu. Bəs, bununla bağlı hansısa tədbir görüləcəkmi? Bu məsələ beynəlxalq qurumlarda qaldırılacaqmı?

Hüquq müdafiəçisi Çingiz Qənizadə ermənilərin törətdikləri cinayətləri “Press Klub”a şərh edərkən bildirdi ki, mülki əhalinin tökülən qanlarının baiskarı və günahkarı beynəlxalq təşkilatlardır:

“İlk növbədə burada ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri məsuliyyət daşıyır. Onlar 30 ilə yaxın bu məsələni tənzimləmək istəmədilər. 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu 28 il yalnız vaxt qazanmaqla, status-kvonu saxlamaqla məsələnin həllinə çalışmadı. Bu müharibədə bizim gördüyümüz o oldu ki, Ermənistan müdafiə istehkamları qurmaqla məşğul olub, bunlara isə göz yumulub”.

Vəkil  Elvin Yusifov qeyd etdi ki, Azərbaycan dövləti böyük ehtimalla həyatlarını itirmiş şəxslərin ailə üzvlərinin ərizəsini alaraq Avropa İnsan Haqları Məhkəməsində iddia qaldıracaq:

“Vətəndaşlar özləri də ailə üzvlərinin məhz Ermənistanın bombardmanları  nəticəsində həlak olduğunu, o cümlədən yaşamaq hüquqlarının məhz Ermənistan dövləti tərəfindən pozulduğunu beynəlxalq səviyyədə təsdiq etmək üçün Avropa Məhkəməsinə fərdi şəkildə şikayət edə bilərlər”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev ermənilərin hərbi obyektlər yerləşməyən ərazilərə, mülki insanların yaşadığı yerlərə dəfələrlə etdikləri hücumları xatırlatdı:

“Ermənilər deyirdilər ki, biz Gəncə aereportunu vurmaq istəyirdik. Onlar orada hərbi bazanın olduğunu vurğulayırdılar. Halbuki sübut olundu ki, Gəncə aeroportunda nə bir dənə hərbi təyyarə olub, nə də ermənilər zərbəni məhz ora tuşlayıblar. Bu, bilavasitə vahimə yaratmaq üçün mülki əhaliyə endirilən zərbələr idi və əslində hərbi cinayət deməkdir”.

Ülviyyə Şahin