COVID-19 infeksiyasına yoluxmada rekord artım davam edir. Artıq gündəlik qeydə alınan yoluxma sayı 2 mindən çoxdur. Real mənzərə isə daha acınacaqlıdır. Daha çox test aparılsa, aşkarlanan yoluxma da çox olacaq. Bu isə o deməkdir ki, aramızda koronavirusa yoluxmuş, amma hələ bunu bilməyən insanlar dolaşır. Çıxış yolu nədir?

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, karantin tədbirləri lazımı səviyyədə yerinə yetirildiyi təqdirdə, azalmalar olacaq, əks halda, pik nöqtə qaçılmazdır. Onun sözlərinə görə, koronavirusun simptomlarında heç bir dəyişiklik yoxdur:

“Koronavirusun yayılmasında əsas səbəb təmasların artmasıdır. Əgər biz müsbət bir dinamikanın olmasını istəyiriksə, onda təmasları müəyyən qədər azaltmalıyıq. Xüsusən də əhalinin sıx toplaşdığı yerlərdə, ictimai nəqliyyatda maskadan istifadə edilməli, mümkün qədər sosial məsafə qorunmalı, əllərin gigiyenasına əməl olunmalıdır. Yalnız bu şərtlər daxilində biz koronavirusa qalib gələ bilərik”.

Baş infeksionist son günlər koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə təyin olunsa da, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edənlərə də xəbərdarlıq etdi:

“Həmin insanlar özünü ailə üzvlərindən də təcrid etməlidir. O, təmasda olduğu hər bir insanın həyatını təhlükə altına atır. Bunu bilərəkdən, ya bilməyərəkdən edir, deyə bilmərəm. Ancaq hər halda, bu insan maariflənib və məlumatlıdır ki, onun başqaları ilə təması həmin insanların da yoluxmasına gətirib çıxara bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə də, mən əhaliyə bir daha çağırış edirəm ki, kimlərdəsə COVİD-19 testi müsbət çıxıbsa və ev şəraitində müalicə alırsa, onlar mütləq izolyasiya şəraitində qalmalıdırlar”.

Koronavirusa yoluxduqdan sonra tam sağalma müddəti nə qədər olur?

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev bildirdi ki, koronavirusdan sonra reabilitasiya davamlı olmalıdır. Onun sözlərinə görə, bədənin  tam bərpası azı iki-üç ay çəkir:

“Xəstəliyi xüsusən orta və ağır formada keçirən pasiyentlərin reabilitasiyaya daha çox ehtiyacı olur. Xəstəxanadan çıxdıqdan sonra mütləq şəkildə ən azı bir aydan üç aya qədər müddətdə özlərini soyuğa verməməlidirlər, qidalanmalarına, həyat tərzlərinə ciddi şəkildə diqqət etməlidirlər”.

Həkimin sözlərinə görə, ağciyər böyük bir xəstəlik keçirərək bu prosesdən keçir və immun sistemi zəiflədiyi üçün sağaldıqdan sonra belə, ikinci bir infeksiyanın düşməsi həyati risk yarada bilər:

“Ona görə də, xəstəxanada və yaxud ev şəraitində müalicə alan xəstələr sağaladıqda belə, özlərini hər zaman qorumalıdırlar. Bərpa prosesi zamanı insanlar gündəlik fəaliyyətlərinə qayıtmalıdırlar. Lakin bu, tədricən baş verməlidir. Ağır xəstəlikdən sonra enerjinin səviyyəsi azaldığından və daha çox güc itkisi olduğundan, qidamıza da diqqət etməliyik”.

Endokrinoloq Lamiyə Nəbibəyli isə qeyd etdi ki, COVID-19-a yaxalanıb, sağaldıqdan sonra təkrar yoluxmamaq çox önəmlidir:

“Nəyə diqqət yetirmək və önəm vermək lazımdır? Birinci növbədə yuxuya diqqət yetirilməlidir. İkinci növbədə meyvə-tərəvəz daha çox istifadə edilməlidir. Düşünün ki, orqanizmə daxil olan mikroelementlərin, vitaminlərin əksəriyyəti buradan gəlir. Ona görə də, A, B, C, D, E vitaminləri, o cümlədən kalium, kalsium və s. tipli mikroelementlər immun sistemi üçün vacibdir. Bundan başqa, almaniyalı alimlər yaşıl çay və nar şirəsinin COVİD-19-un inkişafına səbəb olan virusu məhv etmək pontensialına sahib olduğunu söyləyirlər. Xüsusən bu mövsümdə deyilən bütün məsləhətlərə əməl etməliyik”.

Ülviyyə Şahin