Fevralın 14-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqının dəstəyi ilə fəaliyyət göstərən Resurs Mərkəzində “2020-ci ilin parlament seçkiləri və media. Jurnalist hüquqları və vəzifələri” mövzusunda dəyirmi masa keçirildi. Təbirdə media ekspertləri, jurnalistlər, Avropa Şurası, Almaniya, Fransa, ABŞ, Niderland, Polşa və digər ölkələrin səfirliklərinin nümayəndələri iştirak edirdilər. Dəyirmi masa  barədə hesabatı əməkdaşımızın məqaləsindən oxuyacaqsınız. Burada isə biz tədbirin mühüm yekun sənədi kimi “Press Klub”un jurnalist ictimaiyyətinə və rəhbər dövlət orqanlarına müraciətini dərc edirik:

“Növbədənkənar parlament seçkilərinin mediada işıqlandırılmasının monitorinqi ölkə jurnalistikasının böhran vəziyyətini çılpaqlığı ilə nümayiş etdirdi. Kütləvi informasiya vasitələri böyük siyasi kampaniyalarda əhalini məlumatlandırmaq, maarifləndirmək, debatlara, fikir plüralizminə şərait yaratmaq kimi mühüm vəzifələrin öhdəsindən gəlmədi. Televiziyalar bu vəzifələrin yerinə yetirilməsindən şüurlu surətdə imtina etdi. Seçki ərəfəsində kiçik qrup sosial şəbəkələrdən geniş müzakirələr üçün platforma kimi, əksəriyyət isə birtərəfli təbliğat, qara PR üsulları ilə mübarizə meydanı kimi istifadə etdi. Seçki günündə jurnalistlər bir çox məntəqələrdə qanunsuzluqların aşkar edilməsində əhəmiyyətli rol oynadılar. Ancaq onların da əksəriyyəti bu halda peşə prinsiplərinin tələblərinə cavab vermir, həddən artıq emosionallığa, tərəfkeşliyə, bəzən seçki prosesinə müdaxilələrə yol verirdi. Seçkilərdən sonra isə sosial şəbəkələrdə vicdanını satmış ayrı-ayrı şəxslərə görə bütün peşə sahiblərini təhqir edən, bütövlüklə xalqı aşağılayan məqalələrin, çağırışların ardı-arası kəsilmir. Millətə natamamlıq kompleksi aşılanır.

 

Media nəinki seçicilərin maraqlarını, hətta öz həmkarlarının hüquqlarını müdafiə etmək sahəsində acizlik göstərir. Seçki prosesində, daha çox ondan sonra peşə fəaliyyətini yerinə yetirərkən hücumlara məruz qalan, fiziki zədələr alan həmkarlarımız oldu. Fəaliyyətinə, o cümlədən media qarşısında açıqlığına ciddi iradlar olan MSK-nın önündəki piket zamanı bir neçə jurnalistə ciddi xəsarət yetirildi. Dövlət orqanları aşkar faktları araşdırmaq əvəzinə, onları danmaq yolunu seçdi. Ölkədə jurnalistlərin haqqını tələb etməyə qadir olan bir jurnalist təşkilatı da tapılmadı.

Bütün bunlar jurnalistikamızın ağır vəziyyətinə dəlalət edir. Uzun illərin siyasi təzyiqləri və tətbiq olunan məhdudiyyətlər nəticəsində medianın peşə vərdişlərini yadırğaması, ictimai mənafedən uzaq düşüb qrup maraqlarına xidmət etməsi dərin narahatlıq doğurur. Eyni zamanda bir vaxtlar güclü olan jurnalist təşkilatları şəbəkəsinin dağıdıldığı göz önündədir. Buna görə cavabdehlik daşıyan bir-iki yüksək vəzifəli şəxsin istefaya göndərilməsi vəsiyyəti dəyişmir. Dünyada, regionda gedən proseslər, daxildə hadisələrin dinamik inkişafı göstərir ki, ölkəni gələcəkdə yeni çağırışlar, böyük vəzifələr gözləyir. Onların yerinə yetirilməsində medianın rolunu artırmaq üçün müvafiq addımlar atılmalı, həm jurnalist kadrlarının hazırlanması, həm medianın müstəqilliyinin bərpası, həm də jurnalist hüquqlarının qorunması sahəsində mühüm işlər görülməlidir. Biz ölkənin jurnalist ictimaiyyətinə və rəhbər dövlət orqanlarına bu istiqamətdə səyləri birləşdirmək, səmərəli fəaliyyət üçün dialoqa başlamağı təklif edirik”.

Press Klub