BBC: Movses Hakobyan Ermənistana silah verilməsi, İsgəndər raketi və “yalan informasiya” barədə

İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra istefa vermiş Ermənistan Hərbi-Nəzarət Xidmətinin rəhbəri Movses Hakobyan bu gün keçirdiyi brifinqdə “müharibə zamanı Rusiyanın Ermənistana silah verdiyini” deyib.

Onun sözlərinə görə, müharibə zamanı Rusiya Ermənistana lazım olandan da çox silah verib.

“Rusiya müharibənin ilk günündən Ermənistanı, hələ baş nazir Rusiya prezidenti ilə telefonla danışıqlarından qabaq, heç xəyalımıza belə gətirə bilmədiyimiz silahla təchiz edib”, – Hakobyan deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin o qədər də layiqli davranışına baxmayaraq, Rusiya bu münaqişədə özünü Ermənistanın əsl dostu kimi aparıb.

Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibə dövründə etdiyi çıxışlarda Ermənistana silah verildiyini bildirib. O konkret ölkə adı çəkməsə də, bəzi təhlilçilər onun Rusiyaya işarə vurduğunu bildirib.

O, “Artsaxda [Dağlıq Qarabağ- red.] “İsgəndər” istifadə edilibmi? – sualına belə cavab verib: “istifadə olunub, lakin deyə bilmərəm harada”.

Niyə istefa verib?

Daha əvvəllər Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi və tanınmamış “DQR müdafiə naziri” olan Movses Hakobyanın sözlərinə görə, o, hələ oktyabrın 5-də ordudan tərxis olmaq istəyib, lakin “müharibənin ən qızğın çağında orduya zərər vura bilərdi”.

Qəti qərara gəlməyə isə baş nazir Paşinyanın hərbçiləri Qarabağdan Yerevana qayıdıb ”divarların altında zingildəyən” etirazçıların “məsələsini həll etməyə” çağırmağı vadar edib.

“Yalan” informasiya

Movses Hakobyan müharibənin davam etdiyi 44 gün ərzində cəbhədəki vəziyyət haqqında yalan məlumat yayıldığını deyib.

Bir halda ki, onun sözlərinə görə, Vahid İnformasiya Mərkəzinin vəzifələrindən biri “düşməni aldatmaq” olub.

“Lakin bunun üçün yanlış məlumat 30 faizdən artıq olmamalıdır”. Ermənistanda isə 100 faiz yalan olub, – o deyib.

“Bu hal əhalidə və hərbçilərdə çoxlu sual və ziddiyyətlər doğurub“.

Orduda kadr yerdəyişmələri

Movses Hakobyan erməni tərəfin Qarabağ müharibəsində məğlubiyyət səbəblərinin köklərinin daha dərin olduğu və daha uzaq keçmişə getdiyini bildirib.

“Uğursuzluqlarımız Silahlı Qüvvələrin müharibəyə hazırlığından başlayıb. Məni baş qərargah rəisi vəzifəsindən azad edəndə, Baş nazirdən bunu izah etməyi xahiş etdim. Dedi ki, bütün keçmiş rəhbərləri dəyişmək qərarı var. Mən biləndə ki, mənim yerimə Artak Davtyanı təyin edib, dedim ki, ən hazırlıqsız generalı təyin edib”.

“O vaxtdan da ordunun dağılması prosesi başlayıb. Lakin bu – xəyanət deyil. Sadəcə müharibə sənətini bilməməkdir“.

General Hakobyanın sözlərinə görə, iki il əvvəl orduda başlanmış dəyişikliklər nəticəsində ordunun tərkib hissəsi xeyli ixtisar olunub.

Müharibə zamanı, sentyabrın 30-na olan məlumata görə, Qarabağda 78 faiz səfərbərlik edilib, Ermənistanda – 52. Bu, 48 saatda edilməli idi, Hakobyan deyib.

“Lakin müharibənin 3-cü günü Baş nazir (Paşinyan) səfərbərliyi dayandırmaq və cəbhəyə könüllüləri göndərmək əmri verir. Müharibənin 5-ci günü 1500 nəfər qaçır və onları müxtəlif yerlərdə təcrid edirlər ki, Ermənistana qayıdıb çaxnaşma salmasınlar”, – Movsesyan əlavə edib.

“Lüzumsuz” Su-30

Keçmiş baş qərargah rəisi Movses Hakobyanın sözlərinə görə, 2018-ci ildə ordunun daha əvvəl qəbul olunmuş inkişaf planı ləğv edilib və bir sıra nəzərdə tutulan silah növlərindən imtina edilib.

“Yeni plana əsasən, Su-30SM təyyarələri, “Tor” zenit-raket qurğuları əvəzinə “Osa” zenit-raket qurğuları əldə edilib. Bu silahdan bir dənə də olsun PUA vurulmayıb. Hakimiyyət Rusiya hökumətinin qərarı ilə tanış olmamış Su-30SM təyyarələri alıb. Bir halda ki, qərara əsasən, təyyarə üçün sursat satılmayacağı qeyd olunur”, – Hakobyan deyib.

“Baş nazirin xanımının komanda məntəqəsində nə işi var?”

Movses Hakobyan Baş nazirin xanımı Anna Hakobyanın Qarabağda kənar şəxslərə icazə verilməyən hərbi komanda bunkerində olması ilə bağlı artıq bir həftədən çox dolaşan şayiələri şərh edib.

General bunkerdə monitorun qarşısında müharibənin gedişi videosuna baxan Anna Hakobyanı orada qalmamağı xahiş edib.

“Mən dedim: kişilər danışır, söyüşürlər. O dedi: yaxşı – və bir 20 dəqiqə də oturub getdi”, – general deyib.

Bir neçə saatdan sonra general Movses Hakobyanı Yerevana müdafiə nazirliyinə çağırıblar.

“Nazir Paşinyanın adından mənə Qarabağda komanda məntəqəsində görünmək qadağan olunduğunu dedi. Mən baş nazirə mesaj yazdım ki, burada qala bilmərəm, məni Artsaxa [Dağlıq Qarabağ-red.] göndər, ürəyim partlayır. Paşinyan mesajımı heç açmayıb da”.

Baş nazir aparatının reaksiyası

Baş nazir Paşinyanın mətbuat katibi Mane Gevorqyan keçmiş Ermənistan baş qərargah rəisi Movses Hakobyanın mətbuat konfransında bəyan etdikləri ilə bağlı deyib ki, bunu hüquq-mühafizə orqanları araşdırmalı və qiymət verməlidir.

Lakin mətbuat katibi eyni zamanda əlavə edib ki, Hakobyanın dedikləri “cəfəng və uydurulmadır”.

Baş Prokurorluq isə Movses Hakobyanın mətbuat konfransının video yazısının Xüsusi İstintaq Xidmətinə göndərildiyi və araşdırıldığını bəyan edib.

19.11.2020