Mən erməni tərəfə daha az inanıram. Onların aparmağa çalışdıqları informasiya müharibəsi heç bir tənqidə davam gətirmir. Ermənistan Müdafiə nazirliyinin yaydığı məlumatlara görə, onlar artıq 17 Azərbaycan təyyarəsi vurublar, halbuki, həmin təyyarələr cəmi bir dəfə uçuş həyata keçiriblər və salamat qayıdıblar. 500 tank məhv etdiklərini göstərirlər. Daha Azərbaycanda tank qoymayacaqlar. Yaxud, guya 5 mindən artıq adam öldürüblər. Tamamilə qeyri-real rəqəmlərdir. Bunu isə rəsmi orqanın dilindən eşidirik. Mən erməni tərəfdən, təəssüf ki, hələ bir dənə də həqiqi məlumat tapmamışam. Əlbəttə, oradan da informasiya götürürəm, amma həmişə yoxlayıram.

Bu müharibə çox spesifik müharibədir. 27 il ermənilər Dağlıq Qarabağda qazıblar. Ərazi mürəkkəbdir – dağətəyi, sonra yüksələn dağlar… Əlbəttə, hərbi yolla oranı götürmək olar və ermənilər özləri bunu sübut ediblər. İstənilən halda, orada çox ciddi müdafiə rayonları var, atəş altındadır, minalanıb. Bu yerləri keçmək çox-çox çətindir.

Bəs müharibə nə göstərdi?

Ermənilər məğlubedilməz olduqları barədə əfsanə yaratmışdılar. Bu, normaldır, başqaları da belə edir. Amma ermənilər ciddi səhv buraxdılar. Onlar öz əfsanələrinə özləri inandılar. Dedilər, azərbaycanlılar, türklər döyüşçü deyillər, yaramazdırlar, onları tək avtomatla Bakıya qədər qovarıq. Azərbaycanlılar isə əfsanələrlə razılaşmadılar. Onlar görünməmiş bir iş gördülər. Və onların etdikləri dərsliklərə düşəcək.

Onlar XXI əsrin ordusunu qurmağa başladılar. Bunun əsasında yüksək texnologiyalar, bahalı, yaxşı təlim görmüş mütəxəssislər dayandı, ağıllı müharibə aparmağa kökləndilər. Hər şeyi başılovlu “qəhrəmancasına” hücuma keçməyin yox, intizamın və dəqiqliyin üstündə qurdular. Məsələ onda deyil ki, neft-qaz gəlirlərinin pulları hesabına istədiyini alasan, məsələ mentaliteti tamamilə yenidən qurmaq bacarığındadır. Bax, azərbaycanlılar bunu edə bildilər. Və indi onlar üç gözəl şey nümayiş etdirirlər.

Birincisi odur ki, ordu yüksək intizam nümunələri nümayiş etdirir. Sizə deyim ki, ordu hücuma keçəndə və öz torpaqlarını geri alanda, həmişə birdəfəyə mümkün qədər irəli sıçramaq həvəsi yaranır. 1991-1994-də belə böyük sıçrayışlar olmuşdu, sonra onları cinahlardan kəsib, mühasirəyə alıb əzmişdilər. Həm də ki, təsəvvür edirsiniz, orduda xeyli əsgər və zabit vardı ki, uşaqlıqdan çıxarıldıqları doğma evlərinə qayıdırdılar, necə qovulduqlarını unutmamışdılar. Üstəgəl, qızğın cənub temperamenti. Amma biz ordunun heyrətamiz idarəçiliyini gördük. Hərb tarixi bir-biri ilə mübahisə edən generalların “müharibəsi” faktları ilə doludur. Burada bir dəfə də belə şey müşahidə etmədik.

Bir sözlə, biz yüksək dəqiqliyə malik silaha, təmassız savaşa üstünlük verən, aşağıdan yuxarıya hücuma keçməklə çox mürəkkəb şəraitdə döyüşən bir ordu gördük. Onu da sizə deyim ki, ermənilər acıqlı döyüşçülərdir, savaşmağı bacarırlar. Odur ki, Azərbaycan hərbçilərinin etdikləri istənilən orduya şərəf gətirə bilər.

Bu, məsələnin bir tərəfi. İkinci tərəfdən, onlar erməni, rus, fransız təbliğatının zərbələri altında idilər. Deyirdilər ki, azərbaycanlılar erməni əhalisini soyqırıma məruz qoymaq üçün qayıdırlar. Amma azərbaycanlıların tutduqları əsas informasiya xətti bu idi ki, biz BMT qətnamələrini, beynəlxalq sənədlər toplusunu rəhbər götürərək, öz torpaqlarımızı azad edirik, heç bir qisasçılığımız yoxdur. Əliyev təkrar-təkrar deyirdi ki, yerli erməni əhalisi evlərində qala bilər. Silahlı qüvvələrinizi çıxarın, qalanlar yaşasın. Heç kimə toxunmayacağıq, kömək göstərəcəyik, birlikdə yaşamağa öyrənəcəyik. Halbuki, əvvəllər Azərbaycan təbliğatı da səhvlərə yol verirdi. Amma indi hətta İnternetdə yazan xalq da sözünə diqqətlə yanaşır. Yəni, mentalitetdə bir dönüş yaranıb. Çünki insanlar şərhlərdə çox vaxt söyüşə də yol verirlər. Mənim postlarıma şərhlər özü də erməni-azərbaycanlı münaqişəsində ikinci bir cəbhə xəttini xatırladırdı. Deyim ki, ermənilər cızıqdan çox çıxırlar, azərbaycanlılar isə təmkin nümayiş etdirirlər, faktlarla, dəqiq yazırlar. Əsasən, belə olur. Yəni, onlar bildirirlər ki, biz qisas almağa yox, öz ərazilərimizi azad etməyə gəlirik.

Və üçüncüsü odur ki, azərbaycanlılar tam anlaqlı olduqlarını nümayiş etdirdilər. Onlara damğa vururdular ki, bunlar ağıllarını itirmiş, hamıya qalib gəlmək və xristianları qovmaq istəyən türklərdir. Onlar isə birinci çağırışla danışıqlara hazır olduqlarını göstərdilər. Sübut etdilər ki, hərbi yol onlar üçün mütləq deyil, məsələni siyasi yolla da həll etmək mümkündür.

Beləliklə, Azərbaycanda 27 il ərzində mentalitetdə köklü dəyişiklik baş verib, bu, artıq real olaraq başqa xalqdır, yanaşma tərzi fərqlidir. Öz timsalımızda başa düşürük ki, bunu etmək nə dərəcədə çətindir.